26.04.2023, 00:00, Seminarlar, İclaslar

Oxunma sayı: 188

İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq innovativ model əsasında qurulur

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında ötən ilin sentyabr ayında bağlanmış müqaviləyə əsasən, bu ali məktəbin tələbələrinə Tədris-İnnovasiya Mərkəzində (TİM) veb sistemləri və texnologiyaları, veb proqramlaşdırma dilləri üzrə təşkil olunan kurslar başa çatıb.

Bununla əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutunda Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq, universitetin professor-müəllim heyətini və tələbələrini institutun kollektivi adından salamlayıb.

Akademik Rasim Əliquliyev hazırda dünya dövlətlərinin strateji gücünün onların elm və təhsili, intellektual potensialları ilə qiymətləndirildiyini bildirərək, müasir dövrün çağırışları kontekstində elm və təhsilin üzərinə çox ciddi vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Elm, təhsil, texnologiya və innovasiya sahələrində məqsədyönlü islahatların aparılması, Azərbaycan elminin dünya elminə inteqrasiyasının təmin olunması və elm-təhsil-innovasiya vəhdətinin yaradılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti dövlət başçısının Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində elmin potensialından səmərəli istifadə olunması, eləcə də elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi baxımından ölkənin elmi qurumları və ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq münasibətlərinin təşkilinin əhəmiyyətindən danışıb.

Alim informasiya texnologiyaları sahəsində peşəkar kadrların hazırlanması ilə bağlı ölkənin müxtəlif ali təhsil müəssisələrindən instituta müraciətlərin daxil olduğunu söyləyib. İnstitutun qarşısında duran əsas vəzifələrdən birinin də yüksəkixtisaslı kadrların yetişdirilməsi ilə əlaqədar olduğunu vurğulayaraq, qurumun alim və mütəxəssislərinin bu prosesdə fəal iştirak etdiklərini qeyd edib.

Akademik Rasim Əliquliyev TİM-in fəaliyyəti haqqında məlumat verərək, hazırda mərkəzdə informasiya texnologiyaları sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədinə xidmət edən innovativ layihələrin həyata keçirildiyini, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə İT-kursların, eləcə də institutun magistraturasında təhsil alan tələbələr üçün dərs və imtahanların təşkil edildiyini bildirib. Mərkəzin fəaliyyətinin institutda prioritet istiqamətlərdə aparılan fundamental tədqiqatlara əsaslandığını, tədris olunan biliklərin informasiya texnologiyalarının inkişaf tempinə uyğun olaraq daim yeniləndiyini nəzərə çatdırıb.

“Bu yanaşma elm və təhsilin inteqrasiyasında yeni, innovativ bir modeldir. Yəni bir tərəfdən tələbələr universitetdə əldə etdikləri baza bilikləri ilə yanaşı, rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqların yarandığı əmək bazarında daha rəqabətqabiliyyətli olmaq, aktual, günün tələblərinə cavab verən praktiki İKT bilik və vərdişlərinə yiyələnmək imkanı əldə edir, digər tərəfdən institutun elmi əməkdaşları öz biliklərini kommersiyalaşdırır, daha səmərəli tədqiqatların aparılması üçün motivasiya yaranır. Bütün bu elmi-pedaqoji innovativ proseslər institutun yüksək imkanlara malik olan maddi-texniki bazasının, AzScienceNet-in şəbəkə platformasının qabaqcıl xidmətləri və imkanlarından istifadə etməklə həyata keçirilir”, – deyə akademik Rasim Əliquliyev əlavə edib.

İnstitutun baş direktoru İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin önəmini vurğulayıb, tələbələrə təhsil həyatı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək, bu ali təhsil müəssisəsinin əmək bazarının cari tələbatını və inkişaf perspektivlərini nəzərə almaqla, ölkəmizdə bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynayan biznes və sahibkarlıq sahələrində yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı qarşısına məqsəd qoyduğunu bildirib. Universitetdə iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə geniş profilli mütəxəssislərin yetişdirilməsi üçün ölkənin tanınmış alim və mütəxəssislərinin çalışdığını qeyd edib.

Professor İbad Abbasov Bakı Biznes Universitetinin tələbələrə qəbul olunmuş proqramlar əsasında biliklər verməklə yanaşı, onlara əmək bazarında sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyalarına olan tələbatı nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutu ilə bağlanmış müqaviləyə əsasən, xüsusi proqramlar çərçivəsində zəruri bilik və bacarıqların da əldə olunması üçün imkan yaratdığını qeyd edib.

Ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açan alim universitetin Avropanın aparıcı universitetləri, qabaqcıl elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini, müxtəlif beynəlxalq layihələrə qoşulduğunu diqqətə çatdırıb.

Professor İbad Abbasov İnformasiya Texnologiyaları İnstitutu ilə müvafiq əməkdaşlıqdan məmnun olduğunu, birgə fəaliyyətin daha da inkişaf etdirilməsinin hər iki müəssisə üçün faydalı olacağına inamını bildirib, göstərilən qonaqpərvərliyə və yaradılan imkana görə institut rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.

Sonra çıxış edən institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında ötən ilin sentyabr ayında bağlanmış müqaviləyə əsasən, birgə hazırlanmış xüsusi proqram çərçivəsində mərkəzdə təşkil olunmuş kurslarda tələbələrin HTML/CSS və JavaScript veb proqramlaşdırma dillərindən istifadə bacarıqlarına, standart proqramların tətbiqi üzrə zəruri qabiliyyətlərə yiyələndiklərini bildirib. Bu ali məktəbin tələbələrinə TİM-də institutun mütəxəssisləri tərəfindən müasir proqramlaşdırma dilləri və kompüter qrafikası kimi fənlərin tədrisinin və tələbələrin biliklərinin yoxlanılaraq sertifikatlaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib.

R.Mahmudova TİM-də həyata keçirilən innovativ İKT layihələrindən, ali və orta təhsil müəssisələri ilə əməkdaşlıq münasibətləri, regionlarda fəaliyyət göstərən universitetlərə distant tədris vasitəsilə xüsusi proqramlar əsasında qabaqcıl İKT biliklərinin tədrisi, respublikanın ali məktəb tələbələri arasında informatika üzrə olimpiadaların təşkili, orta və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin İKT üzrə bacarıqlarının artırılması və onların biliklərinin sertifikatlaşdırılması istiqamətində görülən tədbirlərdən də danışıb.

Bakı Biznes Universitetinin “Ali riyaziyyat və texniki fənlər” kafedrasının müdiri, riyaziyyat elmləri doktoru, professor Mahir Səbzəliyev universitet və İnformasiya Texnologiyaları İnstitutu arasında müvafiq əməkdaşlığın ölkənin ali təhsil sistemində yeni bir təcrübə olduğunu qeyd edib, bu münasibətlərin gələcəkdə də davam etdirilməsinin önəmini vurğulayıb.

Daha sonra bir neçə tələbə çıxış edərək, onların müvafiq sahədə qabaqcıl bilik və bacarıqlar əldə etmələri üçün yaradılan imkana görə hər iki qurumun rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

Sonda tələbələrə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.