28.03.2023, 00:00, Mühüm hadisələr

Oxunma sayı: 210

E-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi və bu qurumların cəmiyyətdə reytinqinin təyini üçün metod təklif olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərlinin “Sentiment analiz texnologiyasının köməyilə e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin ölçülməsi” (“Measuring citizen satisfaction with e-government services by using sentiment analysis technology”) adlı məqaləsi “Scopus” beynəlxalq elmi bazasında indeksləşən  “International Journal of Electronic Governance” jurnalında dərc olunub.

Məqalədə e-dövlət xidmətlərindən vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi və bu qurumların cəmiyyətdə reytinqinin təyini üçün metod təklif olunmuşdur. Təklif olunmuş metodda hər bir xidmətə yazılan vətəndaş şərhləri sentiment analiz olunur, nəticədə hər bir şərh üçün onun polyarlıq (sentimentlik) balı hesablanır. Şərhlərin polyarlıq balından və şərhləri yazan vətəndaşların nüfuz çəkisindən istifadə etməklə, hər bir xidmətdən vətəndaşların orta məmnunluq balı hesablanır. Rəy yazan vətəndaşın cəmiyyətdəki nüfuz çəkisi onun sosial mediadakı hesablarının analizi əsasında təyin edilir. Sonda vətəndaşların e-xidmətlərdən orta məmnunluq balından istifadə etməklə, onların hər bir dövlət qurumundan orta məmnunluq balı hesablanır və bu qurumların cəmiyyətdə reyrinqi müəyyən edilir.

Qeyd edək ki, “International Journal of Electronic Governance” jurnalı elektron qayda yaratma/dövlət siyasətinin formalaşdırılması/bütün səviyyələrdə demokratik proseslər, rəqəmsal vətəndaşlıq, elektron idarəetmə: platformalar, rəqəmsal kommunikasiya, demokratik çatışmazlıq və s. üzrə tədqiqatların nəticələrini təqdim edir.

Jurnal “SCOPUS”, “INSPEC”, “Academic OneFile (Gale)”, “Google Scholar” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Məqalə Azərbaycan Elm Fondunun maliyyə dəstəyilə Azərbaycan-Rusiya beynəlxalq qrant layihəsi (Qrant № EİF-BGM-4-RFTF-1/2017-21/8/1) çərçivəsində yerinə yetirilmişdir.