01.10.2018, 09:15, Seminarlar, İclaslar

Oxunma sayı: 276

Daktil əlifbanın avtomatik tanınması metodları analiz olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirildi. İnstitutun baş mütəxəssisi Kəmalə Qurbanova “Alternativ kommunikasiya vasitələri və daktil əlifbanın avtomatik tanınması metodlarının analizi” mövzusunda məruzəni təqdim edərək alternativ kommunikasiya metodları haqqında məlumat verdi. Bildirdi ki, bu metod əsasən anadangəlmə və ya hər hansı bir hadisə (xəstəlik, qəza və s.) səbəbindən eşitmə qabiliyyətini tamamilə və ya qismən  itirmiş, ünsiyyət qurmaqda çətinlik çəkən insanlara yardım etmək üçün istifadə olunur. Eşitmə qabiliyyətini itirmiş insanların cəmiyyətin fəal üzvünə çevrilməsi problemlərinin həlli məqsədilə yaradılan proqramlar və qurğular bu metodun inkişafına təkan verir.

Məruzəçi işarələr və işarələr sistemini öyrənən semiotikanın bir növü olan qeyri-verbal semiotikanın insan fəaliyyətinin müxtəlif sahələrində paralinqvistika, kinesika, okulesika, olfaksiya, xronemika, sistemoloqiya, proksemika kimi növlərinə rast gəlindiyini dedi. O, həmçinin jestin tanınmasının “Fingual”, “Kinect”, “WebGL”, “SignWriting”, “HamNoSys” sistemləri barədə məlumat verdi.

Qeyd etdi ki, eşitmə məhdudiyyəti olan insanlar üçün ən çox istifadə olunan jestlər lüğətinin mövcud olduğu onlayn resurs yaratmaqla surdotərcümə sahəsində mütəxəssislər qrupunun genişlənməsinə, eşitmə qabiliyyətindən məhrum və ya eşitmə məhdudiyyəti olan insanların jest dilini onlayn mühitdə avtomatik tərcümə edən proqram təminatının yaradılmasına, müxtəlif qrupdan olan eşitmə məhdudiyyətli insanların jest dilinin vahid formaya gətirilməsinə, eləcə də, müxtəlif bilik sahələrinə uyğun jestlərin yaradılmasına nail olmaq mümkündür.

K.Qurbanova jestin tanınmasının mövcud metodları, jesti tanıyan sistemlərin iş prinsipi, barmaqların siluetinin tanınması və barmağın siluetinin aşkar edilməsi üçün Bustinq alqoritmi, statik və dinamik jestlər barədə danışdı. O, jest dilinin avtomatik tərcüməsinə əl hərəkətinin izlənməsi, göstərilmiş jestlərin ardıcıl tanınması və onların mətn formasında təsvirinin daxil olduğunu qeyd edərək alqoritminin blok-sxemini təqdim etdi.

Məruzəçinin sözlərinə görə, daktil əlifba dedikdə əllərin müxtəlif vəziyyəti ilə sözləri təşkil edən hərflərin düzgün canlandırılması başa düşülür: “Bu zaman əllər adi əlifbada olan hərflərin qismən də olsa, obrazını yaradır”. O, daktil əlifbanın avtomatik tanınması metodlarından söz açdı, Azərbaycan daktil əlifbasının 32 hərfi ifadə edən jestlərdən ibarət olduğunu vurğuladı.

K.Qurbanova 1980-2016 illərdə jestlərin tanınması mövzusunda baxılan elmi əsərlərin dinamikası, informatika sahəsində materialları geniş yayılmış konfransların dərc edildiyi jurnallar, jestlərin tanınması sahəsində texniki komponentin inkişaf tendensiyasına dair cədvəlləri təqdim etdi, bu sahədə nəşr olunmuş kitabları diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.