10.03.2017, 09:10, Mühüm hadisələr

Oxunma sayı: 311

ikt.az “İlin ən yaxşı veb-saytı” nominasiyasının qalibi olub

AMEA-nın institut və təşkilatlarının saytları üzrə aparılan monitorinqin nəticələri məlum olub

AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri açıqlanıb. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilən monitorinq Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” 14 mart 2016-cı il tarixli sərəncamına əsasən aparılıb.

Direktorlar Şurasının iclasında AMEA prezidenti, akademik Akif Əlizadə müasir dövrdə veb-saytların geniş imkanlara malik olduğunu bildirib. “Azərbaycan elminin ümumdünya informasiya məkanına uğurlu inteqrasiyasında vacib rol oynayan amillərdən biri məhz elmlə bağlı informasiya təminatının gücləndirilməsidir”, – deyə qeyd edən AMEA rəhbəri bu baxımdan elmi fəaliyyətin yüksək səviyyədə təbliği, müxtəlif elm sahələri üzrə elektron informasiya resurslarının yaradılması və inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini, Monitorinq Qrupunun rəhbəri Ülviyyə Rzayeva yekun hesabatı təqdim edib. Məruzəçi ümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursunun analiz edildiyini bildirib: “Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından elmi müəssisə və təşkilatların saytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyət göstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, o cümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elmin populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan jurnalistləri,  yaradıcı kollektivi həvəsləndirməkdir”. 

Monitorinqin 2 meyar üzrə – müraciətlərin və xəbərlərin sayına görə aparıldığını vurğulayan Ü.Rzayeva veb-saytların fəaliyyəti ilə bağlı müsbət tendensiyaları, o cümlədən mövcud problemləri və tövsiyələri diqqətə çatdırıb. Bildirib ki, ilk üç yerdə Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (www.ikt.az), Neft-Kimya Prosesləri İnstitutu (www.ameankpi.org) və Milli Azərbaycan Tarixi Muzeyi (www.azhistorymuseum.az) qərarlaşıb.

Monitorinq zamanı elmi müəssisə və təşkilatların saytlarının əksəriyyətində informasiya təminatı sahəsində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib: “Akademiyanın fəaliyyətinin, aparılan elmi tədqiqatlar haqqında zəruri məlumatların və s. ictimaiyyətə operativ çatdırılmasına görə səmərəli fəaliyyət göstərən saytlar üstünlük təşkil edir”.

Ü.Rzayeva bu gün elmin populyarlaşdırılması və kütləvi təbliğində İnternet-medianın mühüm rol oynadığını söyləyərək, veb-saytların fəaliyyətinin yüksək səviyyədə təşkili, institutlarda ictimaiyyətlə əlaqələr şöbələrinin yaradılmasının akademiya həyatında taleyüklü məsələ olduğunu bildirib: “İnformasiya müharibəsində qalib gəlmək üçün elmi jurnalistlər ordusunun formalaşdırılması və inkişaf etdirilməsi inanırıq ki, elmin populyarlaşdırılması və təbliğinə dəyərli töhfə verəcək”.  

Tədbirdə çıxış edən institut direktorları monitorinqin əhəmiyyətini vurğulayaraq, növbəti mərhələdə veb-saytların çoxmeyarlı qiymətləndirilməsini təklif ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.